MÜQƏDDƏS BİR DOST İTİRDİK!

Əzizim SAŞA ƏLİ OĞLU! Bu nə bəd xəbəriydi, başımızın üstündə qanad çaldı? Sən ömrün müdriklik dövrünü yaşayırdın, qardaş! Sənin hələ dostlarınla keçirəcəyin səfalı günlər qabaqdaydı… Sən dostlardan ayrı yaşaya bilmirdin. İş yerimiz ayrı olsa da bir- birinə yaxın idi. Sən hər gün dostlarına baş çəkməyi unutmazdın…Bu yaman xəbərdən sənin dostların çox üzüldülər! Çünki sən İlahinin bəşəriyyət dünyasına verdiyi ən müqəddəs, ən saf, ən təmiz, ən işgüzar, ləyaqətli ideal insanlardan biri idin. Səni yaxından tanıyanlar sənin xarakterinə, vicdanına, namusuna, şərəfinə vurğun idilər. Sən yurdunu-yuvanını, böyük Vətənini, millətini cani-dildən sevən bir insan idin. Sən əsl dost idin.
Biz 40 ildən artıq idi ki, dostluq edirdik. Sənin ürək açıqlığın, səmimiyyətin, etibarın, sədaqətin heç nə ilə əvəz olunası deyildi.
Sən əsl dostluq mücəssiməsi idin!
İş qabiliyyətin, işə məsuliyyətin hər kəsi valeh etmişdi. Savadın, biliyin, mədəniyyətin, dünyagörüşün sənin unikal səviyyəli bir şəxs olduğunu təsdiq edirdi.
Sən həm də gözəl şeirlər müəllifi olaraq dəyərli şair və ədəbiyyatşünas kimi tanınmışdın…
Təmiz qəlbli, pak ruhlu dostum, sənin ayrılığın məni və sənin digər dostlarını çox sarsıtdı. Sənin yoxluğun bizim sıralarımızın pozulmasına səbəb oldu. Biz səni ömrümüz boyu anacaq və xatirəni əziz tutacağıq! Unudulmaz insan, sevimli dost, məkanın cənnət olsun, nur içində yat!

Eldar İSMAYIL

Şair-yazıçı

 

ALLAH

Dünyanın köksünə şeytanmı doldu,
Qurğusu, büsatı pozuldu, Allah!
İnsan bir-birinə qənim kəsildi,
Sağikən qəbirlər qazıldı, Allah!

Ədalət, məhəbbət göyə çəkildi,
Nə qədər günahsız qanlar töküldü!..
Qan üstə saraylar, mülklər tikildi,
Haramlar halala yozuldu, Allah!

Güman da qalmadı bu gun-sabaha,
Ölüm ucuz oldu, yaşamaq baha…
Köksümdə dincəlmək istəmir daha,
Ürək haqsızlıqdan üzüldü, Allah!
06.06.1995