MİSİLSİZ SƏRVƏTDİR YAXŞI ADAMLAR

Həmişə sevilib, seçilə bilən,
Böyük məharətdi yaxşı adamlar.

MƏHƏMMƏD İBRAHİM OĞLU BAYRAMOV

Göyçədə bir kənd vardı- Kəsəmən adında. İgid kişiləri, ərən oğulları ilə tarixlər yola salmış bir kənd. Zaman- zaman müdrik ağsaqqalları, alimləri, savadlı, bilikli övladları ilə tanınardı bu kənd… Görkəmli dövlət xadimləri, tanınmış həkim və müəllimləri, şair və aşıqları ilə şöhrət qazanmışdı Kəsəmən! Ağsaqqala, ağbirçəyə böyük hörmət- izzəti ilə Göyçədə sevilirdi bu el-obanın adamları. Nağıllı, dastanlı, sazlı- sözlü sinədəftər övladları Kəsəmənin adını ucadan- uca eləmişlər. Belə şərəf-şan sahibi, eldə-elatda, işlədiyi kollektivdə böyük hörmət qazanmış kəsəmənlinin biri də Məhəmməd İbrahim oğlu Bayramovdur. Bu gün Kəsəmən bütün Qərbi Azərbaycan kimi düşmən işğalı altındadır. Ancaq Məhəmməd müəllim bir an da olsun Kəsəməni və kəsəmənliləri unutmur. Min illərdi bizim olan bu oğuz yurdu gec- tez yenə bizim olacaq!- deyir. Çünki türklər tarixin hər çağında əzəli torpaqlarına yürüş etmişlər…
Məhəmməd müəllim haqqında qısa arayış:
Ulu Göyçə torpağı zaman- zaman elm, maarif və mədəniyyət sahəsində bir sıra görkəmli xadimlər yetirmişdir. Elinə, obasına, yurduna- yuvasına şərəf gətirən
övladlardan biri də uzun illər təhsil sahəsində fəaliyyət göstərən Məhəmməd İbrahim oğlu Bayramovdur. MƏHƏMMƏD İBRAHİM OĞLU 1949-cu ildə Göyçə mahalının Kəsəmən kəndində dünyaya gəlmişdir. Atası İbrahim Bayramov Avropa Müqavimət Hərəkatında fəal iştirak etmiş və əfsanəvi partizan Mixaylonun yaxın silahdaşı olmuşdur. 1951-ci ildə Tərtər rayonuna deportasiya olunan ailə 1956-cı ildə yenidən Göyçəyə qayıtmışdır.
Məhəmməd Bayramov orta təhsilini Göyçə mahalında almışdır. O, özünü Kəsəmən kənd məktəbinin müəllimləri Nəsib Mehdiyevin və Musa Kərimovun mənəvi varisi hesab edir. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsini bitirdikdən sonra Bakı şəhərində pedaqoji fəaliyyətə başlayan Məhəmməd müəllim 1988-1991-ci illərdə Milli Azadlıq Hərəkatında fəal iştirak etmişdir. 1990-cı ildən 2002-ci ilədək Bakı Müəllimlər Şurasının sədri, eyni zamanda Respublika Müəllimlər Şurası sədrinin birinci müavini olmuşdur. 1993-cü ildən 2000-ci ilədək Binəqədi Rayon Təhsil şöbəsinin müdiri, 2000-ci ildən 2006-cı ilədək Xətai Rayon Təhsil şöbəsinin müdiri, 2006-cı ildən 2013-cü ilədək Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışmaqla 20 ildən artıq birinci dərəcəli dövlət qulluqçusu olmuşdur.
Azərbaycan Respublikasının Əməkdar müəllimidir.
2013-cü ildən 2016-cı ilə kimi Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunda tədris işləri üzrə prorektor vəzifəsində çalışmışdır.
Calışdığı bu illərdə elin- obanın sevimlisinə çevrilən Məhəmməd Bayramov təhsil sahəsində təhsilə, elmə, biliyə xüsusi qayğı göstərmiş, pedaqoji kollektivin hər bir probleminə diqqətlə yanaşmışdır. Hər şeydən əvvəl Məhəmməd müəllim bacarıqlı, qayğıkeş bir rəhbər, saf, təmiz, əxlaqlı bir pedaqoq, yaxşı bir insan kimi tanınmışdır. Yaxşı adamlar unudulmur. Eləcə də Məhəmməd Bayramov istər həmyerliləri, istər iş yoldaşları, dost- tanışları arasında böyük hörmət sahibidir.
Fikrimi bu şeir parçası ilə yekunlaşdırıram

YAXŞI ADAMLAR

Həmişə sevilib, seçilə bilən,
Böyük məharətdi yaxşı adamlar.
Qohuma-qardaşa başucalığı,
Mehri məhəbbətdi yaxşı adamlar.

Yaxşılıq içində böyük hünərdi,
Yamana qəzəbdi, şərə çəpərdi,
Ürəkdə sevgidi, canda təpərdi,
Qollarda qüvvətdi yaxşı adamlar.

Xeyirxah əməldi, əlində qalxan,
Nurlu bir günəşdi sevincdən doğan.
Pisliyin üstünə kükrəyib qalxan,
Namusdu, qeyrətdi yaxşı adamlar.

 

ELDAR ISMAYIL

Şair-yazıçı