ÇAXIRLI KƏNDİ

Çaxırlı kəndi XIV əsrin axırları (1387-1388), XV əsrin (1410) əvvəlinə kimi albanların, 1988-ci ilin dekabrına qədər isə Azərbaycan türklərinin yaşayış məskəni olmuşdur. Kəndin salanlar Mursaqulular tayfasının başçısı Sarı Alı, Alcəfərlilər tayfasının başçısı Cəfər, Nağılılar tayfasının başçısı Nağı kişi olmuşdur. Nağı kişi iki qardaş olmuşdur. Nağı və Tağı. Qardaşlardan Nağı Göyçə mahalının Qızılbulaq (Çaxırlı) kəndində, qardaşı Tağı isə İrəvanın Axta ( indiki Razdan) rayonunun Cəfərli kəndində məskunlaşmışlar. Yerli varlı təbəqələrin və köçəri tayfaların basqınları nəticəsində müxtəlif regionlardan əhalinin yer dəyişməsiolmuşdur. Belə yer dəyişmələrin təsiri nəticəsində Qızılbulaq kəndi yaranmışdır. Kənd rayon mərkəzindən 3 km qərb tərəfdə yerləşmişdir. Kənd qərb tərəfdən erməni kəndi Tüstülü kəndi ilə 30 m, cənub şərq tərəfdən Qırxbulaq kəndi ilə 1 km, cənub tərəfdən isə Subatan kəndi ilə 7 km həmsərhəddir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 3 dəfə dəyişdirilmişdir.Kəndin ilk adı ərazidə suyun çox olmasına görə Qızılbulaq adlandırılmışdır. Qızılbulaq adı 18901895-ci illərə qədər olmuşdur. Kəndin ikinci adı Çaxırlı sözü Ağalıqlar tayfasından kənd ağası Böyükağanın adı ilə bağlıdır. O, Sankt-Peterbuq şəhərinə Çar II Nikolayın yanına gedərək kəndin adının Çaxırlıya dəyişdirilməsini xaiş etmişdir. Çaxırlı adı 1969-cu ilə qədər olmuşdur.                                    Kəndin üçüncü adı erməni dilində Sovetkəndi mənasını bildirən Sovetakerd 1988-ci ilin dekabrına qədər olmuşdur.