SƏRDAR KƏRİMLİ

Sərdar İsa oğlu Kərimli 1954-cü il Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən kəndində dünyaya göz açmışdı. 1971-ci ildə Bakı şəhərində 30 saylı orta məktəbi bitirdikdən sonra, N.Nərimanov adına Azərbaycan dövlət Tibb İnstitutunda preparatçı işləmiş, 1972-ci ildə müvəffəqiyyətlə imtahan verərək institutun 2-ci müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1978-ci ildə həmin ali məktəbi bitirmişdir.    1978-1980-cı illərdə Bakı zona tələbə inşaat dəstələrinin baş həkimi vəzifələrində işləmişdir. O, 1980-1983cü illərdə Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında əvvəlcə çağırışçı həkim, sonra böyük həkim vəzifələrində çalışmış, eyni vaxtda bir neçə il həmin stansiyanın ilk partiya təşkilatının katibi kimi işini davam etdirmişdir. 1985-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. Təhsili müddətində Bakı Ali Partiya Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləmişdir. 1985-ci ildə təyinatla Azərbaycan KP Nəsimi Rayon Partiya komitəsinə göndərilmiş, 1989-cu ilə qədər burada təlimatçı kimi çalışmış rayon səhiyyəsinin kuratoru olmuşdur. Sərdar Kərimli 1990-cı ildə Səhiyyə Nazirliyinə işə keçmiş, işlər idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, kadrlar və tədris müəssələri idarəsinin 1-ci dərəcəli həkim-inspektoru, aparıcı mütəxəssisi və rəisi, kadrlar, elm və təhsil baş idarəsinin rəisi, 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini vəzifəsində çalışmışdır.