KİÇİK MƏZRƏ

TARİXİ

 

Kiçik Məzrə ( Bala Məzrə) kəndinin yaranma tarixi XIV əsrin sonu (1387), XV əsrin əvvəllərinə (1410-1415) təsadüf edir. Kəndin əsasını Qazax mahalının Əskipara kəndindən gələn Qaraalılar tayfasının başçısı Qulu kişi qoymuşdur. O,həmin ərazinin münbit torpağa malik olduğunu və maldarlıq üçün əhəmiyyətli olduğunu görərək həmin yeri daimi yaşayış məskəni seçmişdir. Kənd rayon mərkəzindən 11 km məsafədə qərb tərəfdə yerləşir. Kiçik Məzrə kəndi Kəsəmən kəndi ilə şimal tərəfdən 2 km, Göysu kəndi ilə, qərb tərəfdən 5 km, Böyük Məzrə kəndi ilə şərq tərəfdən 4 km, 1925-ci ilə qədər Kiçik Məzrə kəndinin torpaqları olan ərazidə Türkiyədən və Suriyadan gələn ermənilərin məskunlaşması ilə yaranan Norakerd kəndi ilə qərb tərəfdən 1 km həmsərhəddir. Kəndin əhalisinin 70%-ni Qazax mahalından, 30%-ni isə Azərbaycanın digər ərazilərindən və İrandan gələn əhali təşkil edirdi.Kəndin bütün ərazisi Göyçə mahalında yaranan kəndlərin əraziləri kimi Qazax mahalının yaylaqları və otaraq yerləri olmuşdur.Kənd aşağıdakı iki əsas səbəbə görə Kiçik Məzrə adlandırılmışdır:1) kənd kiçik düzənlik ərazidə yerləşdiyinə görə, 2) həmin düzənlik ərazi sulanan və məhsuldar olduğuna görə. “Məzrə” sözü ərəb dilində düzənlik, sulanan və məhsuldar mənasını verir. Bəzi mənbələrə görə “Məzrə” sözü fars dilində bərəkətli və məhsuldar mənasını verdiyinə görə kənd Kiçik Məzrə adlandırılmışdır.Qazax mahalının Qaraalılar tayfasının başçısı Qulu kişi Göyçə mahalına gəlmiş və kəndin münbit torpağa malik olduğunu nəzərə alaraq, həmin yeri qohum-əqrabaları üçün daimi yaşayış məskəni seçmişdir. 1988-ci ildə kəndin adı ermənilər tərəfindən dəyişdirilərək Pokr Mazra, sonralar Pokr Mazrik adlandırılmışdır. Kiçik sözü ermənicə “pokr” deməkdir. Yəni kəndin adı erməniləşdirilmişdir.Bu zaman azərbaycanlı əhalinin fikri nəzərə alınmamışdır.

ƏRAZİSİ

Kəndin eni 3 km, uzunluğu isə 4 km-dir. Kəndin Türk toponimlərindən ibarət adları olan çox gəzməli və mənzərəli yurd yerləri vardır. Onlardan kəndin mərkəzində yerləşən, yaranma tarixi III-V əsrlərə təsadüf edən, Alban türklərinin tarixindən bəhs edən, üzərində “Qrabar” əlifbası ilə yazısı olan Alban kilsəsini, kəndin mərkəzindəki Bəzirxana adlanan yerin yaxınlığında üzərində həmin əlifba ilə yazısı olan, alban türklərinin tarixindən bəhs edən xaç daşlarını,yenə də kəndin mərkəzində Seyidlilər tayfasının başçısı Seyid Mirhəsən və Hüsənlilər tayfasından Seyid Bayram pirlərini tarixi abidələr kimi göstərmək olar. Müqəddəs pirləri qonşu kəndlərin əhalisi də ziyarət edər və nəzir verərdilər.Kəndin dağlarla birlikdə 3400 hektar torpağı olmuşdur. Ondan 2000 hektarı əkənək, 1400 hektarı biçənək və otaraq sahələridir. Kəndin mənzərəli və gəzməli yerlərindən Hacı Musa dərəsini, Topal Məhərrəm arxını, Qarabulağı, Əkbər bulağını, Nəsib kişinin otaraq sahələrini, Qırxbulaqları, Qazaxlı ovasını, Qazaxlı bulağını, Sarıyeri, Qaz yeyən örüşü, Qır düzünü, Saz yerini, Yumru təpəni, Plan yolunu, Camaatın otaraq yerlərini və s. göstərmək olar.Kənd əhalisinin əsas problemi kənddə içməli suyun və un dəyirmanının olmamasıydı. Ona görə də bu problemləri həll etmək üçün kənd ağsaqqalları kənd rəhbərliyinə müraciət etdilər.Kəndin kolxoz sədri Abbasəli Hüseynovun təşkilatçılığı ilə kənd əhalisi öz zəhmətləri və xərclərilə Qırxbulaqlardan (12 km məsafədən) içməli su borusu çəkdilər.Dəyirman isə yalnız 1950-ci ildə dövlət tərəfindən tikildi.Elektriklə işləyən bu dəyirman yalniz Kiçik Məzrə kəndinin deyil, qonşu kəndlərin əhalisinə də xidmət edirdi. Həmin dəyirman 1988-ci ilə qədər fəaliyyət göstərdi.